“ABŞ ictimaiyyətə danışıqlar barədə mesajlar versə də, arxa planda quru əməliyyatı planlaşdırır”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
"Düşmən danışıqlar və dialoq mesajları verdiyini iddia edir, lakin əslində quru hücumuna hazırlaşır. Onlar bilmirlər ki, xalqımız Amerika əsgərlərinin torpağımıza gəlməsini gözləyir ki, onlara atəş açsın və regiondakı tərəfdaşlarını əbədi olaraq cəzalandırsın", - deyə Qalibaf vurğulayıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Təl-Əviv bu zərbələrin məqsədinin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu açıqlayıb. Öz növbəsində, Donald Tramp İran donanmasını və müdafiə sənayesini məhv etmək niyyətində olduğunu bildirib, həmçinin ölkə vətəndaşlarını rejimi devirməyə çağırıb.
Martın 1-nə keçən gecə İran televiziyası ali dini lider Ayətullah Əli Xameneinin vəfat etdiyini elan edib. Hücumlar nəticəsində onun ailə üzvlərinin də həyatını itirdiyi bildirilir. İranın cənubundakı Minab şəhərində bir məktəbə endirilən zərbə nəticəsində əksəriyyəti şagird olmaqla 175 nəfər həlak olub. Martın 9-da Ayətullahın oğlu Müctəba Xamenei yeni ali lider seçilib.