Neft qiymətləri İran danışıqları fonunda ucuzlaşıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə beynəlxalq maliyyə bazarlarında yayılan məlumatlarda bildirilir.
Məlumata görə, bazar ertəsi günü dünya bazarında neft qiymətləri kəskin eniş göstərib. Buna səbəb ABŞ Prezidenti Donald Trumpın İranla danışıqlara başlanılacağını açıqlaması və bunun Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntiləri gücləndirməsi olub.
Bildirilir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 4 faizdən çox ucuzlaşaraq 83,88 dollara düşüb. Qiymətlərdəki eniş Donald Trumpın İranla danışıqlar aparılacağını bəyan etməsindən sonra qeydə alınıb. O, daha əvvəl Hörmüz boğazının təhlükəsizliyinin təmin olunması və İranın nüvə proqramı ilə bağlı narahatlıqların aradan qaldırılması məqsədilə planlaşdırılan hərbi zərbənin təxirə salındığını da açıqlamışdı.
Məlumata əsasən, neft bazarına təsir edən digər amil "OPEC+" ölkələrinin hasilatın artırılması ilə bağlı qərarı olub. Belə ki, təşkilata daxil olan yeddi ölkə sentyabr ayında gündəlik neft hasilatını avqust ayı ilə müqayisədə 188 min barel artırmaq barədə razılığa gəlib.
Qeyd olunur ki, virtual formatda keçirilən iclasda Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman nümayəndələri qlobal bazardakı vəziyyəti qiymətləndirərək bu qərarı təsdiqləyiblər. Bu, "OPEC+" ölkələrinin 2023-cü ilin aprelində tətbiq etdiyi könüllü hasilat ixtisarlarının mərhələli şəkildə ləğvi istiqamətində ardıcıl altıncı aylıq artım qərarı hesab olunur.
İstehsalçılar gələcək hasilat qərarlarının bazardakı vəziyyətdən asılı olacağını bildiriblər. Növbəti iclasın sentyabrın 6-da keçirilməsi və oktyabr ayı üzrə hasilat səviyyəsinin müəyyənləşdirilməsi planlaşdırılır.