İtaliyanın “İnter” klubu heyətini gücləndirmək istiqamətində növbəti transfer addımını atıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, insayder Nikolo Skiranın yaydığı məlumata əsasən, Milan təmsilçisi “Çelsi”nin müdafiəçisi Trevo Çaloba ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib.
Məlumata görə, Inter Milan 26 yaşlı futbolçu ilə 2031-ci ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə üzrə anlaşma əldə edib. Lakin transferin rəsmiləşməsi üçün klublar arasında danışıqlar davam edir.
Bildirilir ki, Chelsea FC futbolçunun transferi üçün 35 milyon avro sabit ödəniş və 5 milyon avro bonus tələb edir. “İnter” isə hazırda 30 milyon avro və əlavə 5 milyon avro bonus təklif edir.
Məlumata əsasən, tərəflər bonusların strukturu və futbolçunun gələcəkdə başqa kluba satılması halında “Çelsi”yə çatacaq faiz məsələsi üzərində müzakirələri davam etdirirlər.
Qeyd edək ki, Trevo Çaloba 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 47 oyunda meydana çıxıb və 3 qol vurub.