FIFA prezidenti Canni İnfantino Bakıda keçirilən U-15 Dünya Kuboku və Festivalında iştirak edən gənc futbolçuların istedadından danışıb. O, sosial şəbəkə hesabında Tayvanı təmsil edən yeniyetmə futbolçulardan birinin ona futbol tarixində ən çox sevdiyi oyunçunun kim olduğunu soruşduğunu yazıb.
İnfantino bu suala yalnız bir futbolçunun adını çəkərək cavab verməyin çətin olduğunu bildirib. FIFA rəhbərinin sözlərinə görə, futbol tarixində çoxsaylı möhtəşəm oyunçular olub.
O, Bakıda keçirilən turnirdə bir sıra istedadlı yeniyetmələri izlədiyini qeyd edib. İnfantinonun fikrincə, futbol tarixinin gələcək ən böyük ulduzu məhz yarışda iştirak edən gənclərdən biri ola bilər. FIFA prezidenti həmin yeniyetmələrin dünyanın müxtəlif ölkələrində yaşayan qız və oğlan uşaqlarına ilham verdiyini də vurğulayıb.
FIFA U-15 Dünya Kuboku və Festivalı oktyabrın 24-dən 30-dək Bakıda keçirilib. 189 ölkənin iştirak etdiyi turnirdə Azərbaycan millisi 84-cü yeri tutub. A divizionunun finalında Çexiyanı 3:0 hesabı ilə məğlub edən İspaniya yığması yarışın qalibi olub.