Təhsil Tələbə Krediti Fondunun (TTK) təhsil tələbə kreditləri üzrə indiyədək 70 minə qədər müraciətdən 57 minə yaxını rəsmiləşdirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə məlumat verib.
Həmin kreditlərin 35%-i sosial, 65%-i isə standart TTK üzrədir.
Bildirilib ki, qızların ümumi rəsmiləşdirilmiş kreditlər üzrə 62%-lik paya sahib olması, eyni zamanda sosial həssas qrupların təhsilə əlçatanlığının təmin edilməsi dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyini bir daha nümayiş etdirir.
"Geri ödənişə başlayan 5 379 məzunun 73%-i rəsmi əmək fəaliyyəti ilə məşğuldur. Ən çox TTK rəsmiləşdirilmiş ali təhsil müəssisələri üzrə göstərici Azərbaycan Dövlət İqtisad Universitetində 83%, Azərbaycan Texniki Universitetində 82%, Gəncə Dövlət Universitetində isə 59%-dir. Eyni zamanda “Biznesin idarə edilməsi” ixtisası üzrə məzunların 85%-i, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” üzrə 52%-i, “İqtisadiyyat” ixtisası üzrə isə 75%-i işlə təmin olunub", - deyə o qeyd edib.
Vurğulanıb ki, cari tarixə TTK almış və məzun olmuş ümumi tələbə sayı 9000-ə yaxındır. Geri ödəmə dövrü başlamayan məzunlar isə hazırda ilkin müqavilə şərtlərinə və qaydaya uyğun olaraq güzəşt, onlardan bəziləri isə möhlət dövründədir.