FIFA U-15 dünya çempionatında Timor-Leste üzərində 6 qollu qələbədən sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan millisinin futbolçuları ilə görüşüblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısı gənc futbolçuları təbrik edərək onların nümayiş etdirdikləri oyunu yüksək qiymətləndirib:
"Bir daha təbrik edirəm. Gözəl oyun nümayiş etdirdiniz. Bütün qollar da çox gözəl, hamısı bir-birindən gözəl idi. Görünür ki, böyük məharət və peşəkarlıq tələb edən kombinasiyalar qurulmuşdu. Ona görə hamını sevindirmisiniz.
Əlbəttə ki, ölkəmizdə belə mötəbər yarışın keçirilməsi də böyük hadisədir. Bu, tarixdə qalacaq, çünki ilk çempionatdır. Bu günə qədər futbol üzrə bu miqyasda çempionatlar keçirilməmişdir. Bu açılış oyununda Azərbaycan komandasının inamlı qələbəsi – bu, artıq tarixdə əbədi qalacaq. Ona görə sizi bir daha təbrik edirəm. Bütün xalqımızı sevindirmisiniz. Sizə yeni uğurlar arzulayıram".