Hörmüz boğazından keçən ticarət gəmilərinin sayı iyunun 25-də qeydə alınan maksimum göstəricidən sonra artıq üçüncü gündür ki, azalır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu, gəmi hərəkətinə dair məlumatlar əsasında aparılan hesablamalar nəticəsində məlum olub.
Məlumata görə, iyunun 25-də boğazdan 54 ticarət gəmisi keçib. İyunun 26-da bu göstərici 48-ə düşüb. İyunun 27-də 38, iyunun 28-də isə cəmi 22 gəmi Hörmüz boğazını keçib.
Beləliklə, iyunun 26–28-də ümumilikdə 108 gəmi boğazdan keçib. Onlardan 40-ı əvvəllər Oman tərəfindən təklif edilən marşrutdan, 37-si İranın Larak adası yaxınlığındakı marşrutdan istifadə edib. Yalnız 9 gəmi Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təsdiqlənmiş rəsmi gəmi yolunu seçib. Digər gəmilər isə transponderlərini söndürülmüş vəziyyətdə boğazı keçiblər.
Müqayisə üçün qeyd olunur ki, 2026-cı ilin mart ayınadək Hörmüz boğazından sutka ərzində orta hesabla 100–120 gəmi keçirdi. ABŞ ilə İran arasında münaqişənin başlanmasından sonra təhlükəsizlik səbəbilə boğazdakı gəmi hərəkəti kəskin məhdudlaşdırılıb və gündəlik keçid sayı təxminən 10 gəmiyə qədər azalmışdı.