Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Polşanın öz ərazisində "Patriot" zenit-raket kompleksləri üçün raket istehsal edəcək zavodun tikilməsi təklifini şərh edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Lavrov Varşavanın bu addımını qiymətləndirərkən Rusiyanın yenilənmiş hərbi doktrinasına diqqət çəkib.
“Bu məsələ ilə bağlı bizim doktrinamız var. Prezidentin dəfələrlə istinad etdiyi hərbi doktrinamız. Bu mühüm sənədin müvafiq bölməsini diqqətlə öyrənməyə çağırıram”, – deyə Rusiya xarici işlər naziri bəyan edib.
Qeyd edək ki, bundan əvvəl Polşa Müdafiə Nazirliyinin rəsmisi Maqdalena Sobkovyak-Çarnetskaya ölkəsinin Ukrayna üçün "Patriot" raketləri istehsal edəcək müəssisəyə ev sahibliyi etməyə hazır olduğunu bildirmişdi.
Polşa tərəfinin fikrincə, belə bir zavodun bilavasitə Ukrayna ərazisində tikilməsi onu Rusiya zərbələri üçün açıq hədəfə çevirir. NATO və Aİ üzvü olan Polşada yerləşdirilməsi isə istehsalın "təhlükəsiz zonada" həyata keçirilməsinə zəmanət verir. Layihənin reallaşması Kiyevin ABŞ-dan müvafiq istehsal lisenziyası almasından asılıdır.