Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov işgüzar səfərlə İran İslam Respublikasının paytaxtı Tehrana gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə keçirəcəyi geniş tərkibli görüşdə Fars körfəzi və Yaxın Şərq regionunda kəskinləşən hərbi-siyasi gərginliyin azaldılması istiqamətində atılacaq təxirəsalınmaz addımları müzakirə edəcək.
Danışıqların digər mühüm istiqaməti Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin müddəalarının icrası və ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün praktiki tədbirlərin reallaşdırılması olacaq.
Səfər çərçivəsində Rusiya xarici işlər nazirini İran Prezidenti Məsud Pezeşkianın da qəbul edəcəyi gözlənilir.
Xatırladaq ki, oktyabrın 19-da S.Lavrov Bəhreynə səfəri zamanı keçirdiyi mətbuat konfransında Birləşmiş Ştatların İranla hərbi münaqişədə tutduğu mövqeyin və tətbiq etdiyi metodların regional böhranın nizamlanmasına töhfə vermədiyini bildirib. Hörmüz boğazında dəniz nəqliyyatının blokadası və gəmilərin təhlükəsizliyi ilə bağlı baş verənləri şərh edən nazir, hərbi gərginliyi aradan qaldırmaq üçün böhranın ilkin və köklü səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.