İran Vaşinqton tərəfindən hərbi təzyiqlər azaldılacağı və limanlara tətbiq olunan dəniz blokadası aradan qaldırılacağı təqdirdə, strateji əhəmiyyətə malik Hörmüz boğazını 7 gün ərzində yenidən dəniz nəqliyyatına açmağa hazır olduğunu bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” xəbər agentliyi adının açıqlanmasını istəməyən yuxarı çinli İran rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, vasitəçilər kanalı ilə artıq Vaşinqtona çatdırılan təklif iki ölkə arasında hərbi əməliyyatların daimi olaraq dayandırılması məqsədilə danışıqların bərpasını nəzərdə tutur. Tehran tərəfi dəniz blokadasının qaldırılmasını və ABŞ-nin danışıqlara sadiqlik nümayiş etdirməsini əsas şərt kimi irəli sürür.
İran rəsmisi BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə İran Prezidenti Məsud Pezeşkian arasında hər hansı ikitərəfli görüşün planlaşdırılmadığını diqqətə çatdırıb. Bununla belə, o, tərəflər arasında ümumi razılaşmanın əldə olunma ehtimalının qaldığını vurğulayaraq, diplomatiyanın irəliləməsi üçün Vaşinqtonun “ciddiyyət və qətiyyət” nümayiş etdirməli olduğunu bildirib.
Xatırladaq ki, sentyabrın 19-da İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzai müharibəyə son qoyulması və danışıqların bərpası üçün ABŞ-a 7 bənddən ibarət şərtlər paketi təqdim edildiyini açıqlamışdı. Həmin bəyanatda Tehran müharibə şəraitinə tam hazır olduğunu, lakin şərtlər qəbul ediləcəyi təqdirdə diplomatik həll yoluna üstünlük verəcəyini qeyd etmişdi.