Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya rəsmi səfərindən qaytararkən jurnalistlərə açıqlamasında xarici siyasət, regional təhlükəsizlik və Egey dənizindəki son vəziyyətlə bağlı geniş bəyanatlar verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti diplomatın qiymətləndirmələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Fidan Dəməşqdə Suriya prezidenti Əhməd Şara ilə keçirdiyi iki saatlıq görüşdə ikitərəfli münasibətlər, sanksiyaların ləğvindən sonra iqtisadi imkanlar və regional sabitlik məsələlərinin ətraflı müzakirə olunduğunu bildirib.
Nazir Suriya üçün ən böyük sabitsizlik mənbəyinin İsrailin təcavüzkar siyasəti olduğunu vurğulayıb. Eyni zamanda, regionda formalaşan “Məkkə Müdafiə İttifaqı”nın institusionallaşması istiqamətində texniki danışıqların davam etdiyini, Türkiyənin cənub və şimaldan təhdidlərə məruz qalan Səudiyyə Ərəbistanının yanında olduğunu bəyan edib. SDQ ilə bağlı inteqrasiya prosesini diqqətlə izlədiklərini deyən Fidan, "Terrorsuz Türkiyə" strategiyasının cəmiyyət tərəfindən tam dəstəkləndiyini qeyd edib.
Türkiyə XİN rəhbəri Yunanıstanla münasibətlərə də toxunaraq, Afinanı bölgəni xaosa sürükləmək istəyən qüvvələrin alətinə çevrilməməyə çağırıb. O, silahsız statusa malik adaların hərbiləşdirilməsini Türkiyənin təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirib və Yunanıstanı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə əməl etməyə dəvət edib.