Almanların 65 faizi ABŞ-ni dünya sülhü üçün ən böyük təhdidlərdən biri hesab edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Allensbach" İnstitutu tərəfindən aparılan sorğu göstərir ki, almanların əksəriyyəti ABŞ-ni yaxın illərdə dünya sülhünə yönəlmiş ən böyük təhlükələrdən biri kimi dəyərləndirir.
Yanvar ayında keçirilən və 1077 nəfərin iştirak etdiyi sorğuda respondentlərin 65 faizi ABŞ-ni dünya sülhü üçün ən böyük risk yaradan ölkələr sırasında göstərib.
Bu göstərici bir il əvvəl 46 faiz, 2024-cü ildə isə cəmi 24 faiz idi.
Sözügedən məlumatlar Almaniyada ABŞ-yə qarşı mənfi münasibətin qısa müddətdə kəskin şəkildə artdığını ortaya qoyur.
Sorğu həmçinin təhlükəsizlik məsələsində ABŞ-yə olan etimadın da zəiflədiyini göstərir.
Almaniyada yaşayanların yalnız 32 faizi, Avropadakı bir NATO ölkəsinə hücum ediləcəyi təqdirdə ABŞ-nin hərbi yardım göstərəcəyinə inanır.
Respondentlərin 35 faizi buna inanmadığını, 33 faizi isə qərarsız olduğunu bildirib.
Rusiyanı dünya sülhünü təhdid edən ölkə kimi görənlərin nisbəti 81 faiz, Çini bu cür qiymətləndirənlərin nisbəti isə 46 faiz olaraq müəyyən edilib.