Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Pasxa bayramı ərəfəsində atəşkəs təklifinə hava hücumları ilə cavab verməsini sərt tənqid edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, münaqişənin həlli məqsədilə ABŞ vasitəçiləri ilə aparılan yeni danışıqları müsbət qiymətləndirib.
Zelenski çərşənbə günü ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff, Prezident Donald Trampın kürəkəni Cared Kuşner və ABŞ senatoru Lindsi Qrem ilə onlayn formatda danışıqlar aparıb. Görüşə NATO-nun Baş katibi Mark Rütte də qoşulub.
Gecə müraciətində Zelenski sülh səylərinə görə ABŞ-yə təşəkkür edib və gələcək sülh sazişi üçün ABŞ-nin təhlükəsizlik zəmanətlərini özündə əks etdirən sənədin gücləndirilməsi barədə razılığa gəlindiyini bildirib.
Qeyd edək ki, Ukrayna son vaxtlar Rusiyanın neft infrastrukturuna zərbələri artırıb. "Reuters" agentliyinin məlumatına görə, Rusiyanın neft ixracı potensialının təxminən 40%-i dayandırılıb. Zelenski bildirib ki, Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları dayandırarsa, onlar da bu zərbələri dayandırmağa hazırdırlar.