“Gəncə” basketbol klubu Avropa Kubokunda “Kolossos”a 78:79 hesabı ilə məğlub olub. Baş məşqçi Murad Dikmen oyundan sonra basketbolçularının son saniyəyədək mübarizə apardığını və komanda olaraq yaxşı çıxış etdiklərini bildirib.
Dikmenin sözlərinə görə, yeni oyun qurucusu Donovan Donaldsonun komandaya qoşulması heyətin gücünü artırıb. “Gəncə” hücumda və müdafiədə oyun planına əməl etməyə çalışıb. Məqsəd rəqibin ən çox xal toplayan beş nömrəli basketbolçusuna daha çox oynamaq imkanı vermək olub. Lakin “Kolossos”un 21 nömrəli yerli basketbolçusunun altı dəfə dəqiq üçxallıq atış etməsi planı pozub. Dikmen komandasının matçın bir hissəsində oyuna nəzarət etdiyini də qeyd edib.
Baş məşqçi yorğunluq və rotasiya edə bilməməyin son 2-3 dəqiqədə hiss olunduğunu söyləyib. “Gəncə” 7-8 xal geridə olsa da, hesabda rəqibə yaxınlaşıb. Dikmen komandanın təcrübə topladığını, basketbolçuların bir-birinə alışdığını bildirib və daxili çempionatda da eyni səviyyədə oynamağın vacibliyini vurğulayıb. O, Gəncədə keçiriləcək ev oyununda qələbə qazanaraq azarkeşləri və klub rəhbərliyini sevindirmək istədiklərini deyib.
“Gəncə”nin heyətində Kobe Medji 25 xalla ən məhsuldar basketbolçu olub. Ksavye Rods və Montavius Merfi 14, Donovan Donaldson 11, Bakari Kamara səkkiz, Latavius Cey Mitçell isə altı xal toplayıb.
Azərbaycan klubu əvvəlki altı oyunda bir qələbə qazanıb: “Sportinq” 69:67 hesabı ilə məğlub edilib. “Gəncə” “Rilski Sportist”lə səfər görüşünə çıxmadığına görə 0:20 hesablı texniki məğlubiyyət alıb. Yeddi turdan sonra bir qələbəsi olan komanda C qrupunda altıncı, sonuncu pillədə qərarlaşıb.