Fransada iki həftəlik tətildən sonra dərsə qayıtmalı olan onlarla liseyin şagirdləri məktəblərin girişlərini zibil konteynerləri və barrikadalarla bağlayaraq etiraz aksiyalarını bərpa ediblər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, təhsil şəraitinin pisləşməsinə və yaşayış xərclərinin artmasına qarşı sentyabr ayından davam edən aksiyalar Prezident Emmanuel Makron hakimiyyəti dövrünün ən böyük sosial böhranlarından birinə çevrilib.
Paris və ətraf bölgələrlə yanaşı, Lill, Tuluza və Marsel kimi iri şəhərlərdə də şagirdlər ehtiyat müəllim kadrlarının artırılmasını və köhnəlmiş məktəb binalarının təmirini tələb edirlər. Polis barrikadaları dağıtmaq üçün prosesə müdaxilə edib və bəzi etirazçı şagirdlər saxlanılıb.
Böhranın daha da dərinləşəcəyi gözlənilir. Universitet həmkarlar ittifaqları fakültələrdə aksiyalara hazırlaşır. İşçi və dövlət qulluqçularının həmkarlar ittifaqları isə cümə axşamı ümumi tətilə çağırış ediblər. Dəmiryolu işçiləri, müəllimlər və özəl sektor əməkdaşlarının qatılacağı təxirəsalınmaz aksiyalarda şagirdlərin tələblərinə dəstək veriləcək, aşağı maaşlara və bahalığa etiraz ifadə olunacaq.
"Renouveau Lycéen" şagird həmkarlar ittifaqının nümayəndəsi Natanael Kombari hökumətin siniflərdə şagird sayını məhdudlaşdırmaq və universitetə qəbul sisteminə yenidən baxmaq təkliflərini yetərsiz qiymətləndirib və etirazlardan başqa yollarının olmadığını bildirib.
Fransanın milli təhsil naziri Eduar Gefre isə aksiyaçılara xəbərdarlıq edib. Nazir bildirib ki, barrikadalar səbəbindən həftələrdir dərs keçə bilməyən yuxarı sinif şagirdlərinin ilin sonunda bakalavr imtahanlarına (Baccalauréat) buraxılması risk altındadır. Yüz minlərlə şagirdin tədris proqramından geri qaldığını vurğulayan Gefre barrikadaların qanunsuz olduğunu və əsas prioritetin tədris prosesini bərpa etmək olduğunu bəyan edib.