Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Flydubai” aviaşirkəti Dubaydan Təl-Əvivə uçan təyyarənin fövqəladə vəziyyət siqnalından sonra Səudiyyə Ərəbistanındakı Təbuk hava limanına təhlükəsiz endiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, şirkətin rəsmi saytında yayımlanan məlumatda “FZ1073” reysi zamanı təyyarədə “bir hadisənin baş verdiyi” qeyd olunub. Təyyarənin təhlükəsiz şəkildə Təbuk hava limanına endiyi və bütün sərnişinlərin səhhətinin yaxşı olduğu bildirilib.
“Flydubai” məsələ ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağını bildirib.
İsrail mətbuatının məlumatına görə, Dubaydan Təl-Əvivə uçan təyyarə İordaniya hava məkanında olarkən əvvəlcə ümumi fövqəladə vəziyyət kodu olan “7700”, daha sonra isə təyyarənin qaçırıldığını bildirən “7500” kodunu göndərib.
“Kanal 12” telekanalı hadisənin sərnişin təyyarəsini idarə edən iki pilot arasında baş verən mübahisə ilə əlaqəli olduğunu yazıb. Məlumata görə, dava zamanı pilotlardan biri huşunu itirib və həmin vaxt fövqəladə vəziyyət kodu səhvən göndərilib.
Yerli mediada pilotlardan birinin Ukrayna, digərinin isə Rusiya vətəndaşı olduğu bildirilib. Həmçinin pilotlardan birinin intihar edərək təyyarəni qəzaya uğratmağa çalışdığı və israilli sərnişinlərin buna mane olmağa cəhd etdiyi iddiasının araşdırıldığı qeyd olunub.