İsrailin Baş naziri Benyamin Netanyahu "Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarəsində baş verən insidentdən sonra İsrailə uçuş həyata keçirən xarici sərnişin təyyarələrinin təhlükəsizlik tədbirlərinin hərtərəfli yenidən nəzərdən keçirilməsini tapşırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Fox News" məlumat yayıb.
Bildirilib ki, Netanyahu Milli Təhlükəsizlik Şurasının direktoru Şmuel Ben-Ezradan İsrailə xarici mülki aviasiya reysləri ilə bağlı bütün təhlükəsizlik aspektlərini əhatə edən kompleks yoxlama aparmaq üçün ekspert təyin etməsini istəyib.
Qeyd olunub ki, son illərdə İsrail təhlükəsizlik xidmətləri xarici aviaşirkətlərin ekipajlarına nəzarət və sərnişinlərin şəxsiyyətinin yoxlanılması ilə bağlı mövcud boşluqlar barədə Nəqliyyat Nazirliyinə dəfələrlə xəbərdarlıq edib.
Daha əvvəl "Şin Bet" xarici aviaşirkətlərə və onların ekipaj siyahılarına nəzarətin Mülki Aviasiya İdarəsinə verilməsini tövsiyə edib. Lakin Nəqliyyat Nazirliyi bunun əleyhinə çıxaraq nəzarət mexanizmini öz səlahiyyətində saxlayıb.
"The Wall Street Journal" isə mənbələrinə istinadən bildirib ki, Oman hakimiyyəti pilot Həmam əl-Həmami ilə bağlı narahatlıqları İsrailə çatdırmayıb. Halbuki Oman tərəfi pilotun radikal ideologiyaya həddindən artıq maraq göstərdiyini bilib.
Qəzetin məlumatına görə, bu səbəbdən əl-Həmamiyə "Oman Air"də pilot kimi işləmək qadağan edilib, o, deradikalizasiya proqramına göndərilib və ofis işinə keçirilib.
"Associated Press" isə Birləşmiş Ərəb Əmirlikləri hakimiyyətinin "Flydubai" reysinin sərnişin və ekipaj üzvlərinin siyahısını İsrailə təqdim etdiyini bildirib. Agentliyin mənbələrinə görə, İsrail siyahıda yer alan sərnişin və ya ekipaj üzvlərindən hər hansı biri ilə bağlı əvvəlcədən xəbərdarlıq almayıb.
Qeyd olunub ki, diplomatik münasibətləri olmayan Oman vətəndaşının Təl-Əvivə uçuşa necə buraxıldığı hələ də məlum deyil.
Xatırladaq ki, sentyabrın 30-da günorta saatlarında BƏƏ-dən İsrailə uçan təyyarə İordaniyanın hava məkanında fövqəladə vəziyyət siqnalı verib. Daha sonra məlum olub ki, pilotlardan biri təyyarəyə nəzarəti ələ keçirməyə çalışarkən baş pilotu bıçaqlayıb. Pilot və sərnişinlər hücum edən şəxsi zərərsizləşdirib. Təyyarə daha sonra Səudiyyə Ərəbistanına eniş edib.