Filippində baş verən 7,8 bal gücündəki zəlzələnin təsirləri regionda hiss olunmaqda davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi ölkənin şərq, qərb və cənub bölgələrindəki Sakit okean sahilləri üçün sunami xəbərdarlığı yayıb.
Xəbərdarlıqdan sonra Okinava, Oqasavara və Çiçicima adalarında kiçik şiddətli sunami dalğaları müşahidə olunub.
Xüsusilə, Oqasavara adalar qrupuna daxil olan Çiçicima adasına 20 santimetr hündürlüyündə dalğaların çatdığı bildirilib.
Xatırladaq ki, dünən Filippinin cənubundakı Mindanao bölgəsində baş verən 7,8 bal gücündəki zəlzələ ciddi dağıntılara və insan tələfatına səbəb olub. İlkin məlumatlara əsasən, təbii fəlakət nəticəsində 32 nəfər həyatını itirib, 200-dən çox insan isə xəsarət alıb.
"ABŞ Geoloji Araşdırmalar Mərkəzi"nin ("USGS") açıqlamasına görə, yeraltı təkanlar Sarangani əyalətinin Soccsksargen bölgəsində, 55,2 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ bölgədəki infrastruktura ciddi ziyan vurub. Yerli mətbuatın yaydığı xəbərlərə görə, sarsıntılar səbəbindən bir sıra aviareyslər təxirə salınıb, Mindanao bölgəsinin Davao şəhərində isə tədris prosesi müvəqqəti dayandırılıb.