FIFA qadın futbolunun inkişafını sürətləndirmək və rəhbər vəzifələrdə qadınların sayını artırmaq məqsədilə yeni qaydaları təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ali futbol qurumunun Şurası tərəfindən qəbul edilən qərara əsasən, bütün qadın turnirlərində iştirak edən komandaların məşqçilər heyətində ən azı bir qadın baş məşqçi və ya köməkçi məşqçi yer almalıdır.
Yeni qaydalar cari ildə keçiriləcək U-17 və U-20 Qadınlararası Dünya Çempionatlarından, həmçinin Qadınlararası Çempionlar Kubokundan etibarən qüvvəyə minəcək.
Ən əsası isə, bu qayda gələn il Braziliyada təşkil olunacaq Qadınlararası Dünya Çempionatına da şamil ediləcək. Reqlamentə görə, hər bir komandanın ehtiyat oyunçular skamyasında ən azı iki qadın əməkdaşın olması tələb olunur.
FIFA-nın futbol üzrə baş direktoru Cill Ellis mövzu ilə bağlı bunları qeyd edib:
"Hazırda məşqçilik sahəsində qadınların sayı kifayət qədər deyil. Biz imkanları genişləndirməklə və qadınların görünürlüyünü artırmaqla bu dəyişikliyi sürətləndirməliyik".
Statistik göstəricilər dəyişikliyin zəruriliyini ortaya qoyur. Belə ki, 2023-cü ildə Avstraliyada keçirilən Qadınlararası Dünya Çempionatında iştirak edən 32 baş məşqçidən yalnız 12-si qadın idi. FIFA-nın 2023-cü il hesabatına görə, üzv assosiasiyalarda çalışan məşqçilərin cəmi 5%-ni qadınlar təşkil edir.