Milli Hidrometeorologiya Xidməti fevral ayı üzrə gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, fevral ayı iqlim xüsusiyyətlərinə görə əsl qış ayı hesab olunur və hava şəraiti yanvar ayı ilə böyük fərq göstərmir.
Bildirilib ki, ay ərzində arktik soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə havanın daha sərt keçəcəyi, isti hava kütlələrinin üstünlük təşkil etdiyi dövrlərdə isə mülayim hava şəraitinin müşahidə olunacağı gözlənilir. Ümumilikdə fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi bölgələrdə isə normadan bir qədər yüksək olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının da əsasən normaya uyğun olacağı ehtimal edilir.
Fevralın ilk günləri
Fevralın 1–2-də ölkə ərazisində havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı və qar yağacağı gözlənilir.
Bakı və Abşeron yarımadası
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5–8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və təxminən 1 dərəcə yüksəkdir. Gecələr temperaturun 1–6 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək şaxta, gündüzlər isə 7–12 dərəcə isti, ayrı-ayrı günlərdə 1–5 dərəcə isti olacağı bildirilir. Aylıq yağıntı normaya uyğun olaraq 21–24 mm təşkil edəcək.
Naxçıvan Muxtar Respublikası
Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında orta aylıq temperaturun 1–4 dərəcə isti olacağı gözlənilir. Gecələr 3–8, bəzi günlərdə 13–18 dərəcə şaxta, gündüzlər isə 5–10 dərəcə isti, ayrı-ayrı günlərdə 0–5 dərəcə şaxta proqnozlaşdırılır. Yağıntı norması 11–29 mm olacaq.
Qarabağ və ətraf rayonlar
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, eləcə də Daşkəsən–Gədəbəy zonasında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Gecələr 5–10 dərəcə şaxta, gündüzlər 3–8 dərəcə isti olacaq. Aylıq yağıntı 21–36 mm civarında proqnozlaşdırılır.
Şərqi Zəngəzur
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında orta aylıq temperaturun 1–4 dərəcə isti olacağı gözlənilir. Gecələr 2–7, bəzi günlərdə 12–17 dərəcə şaxta, gündüzlər isə 3–8 dərəcə isti proqnozlaşdırılır. Yağıntı norması 24–32 mm olacaq.
Qərb və Şimal-qərb rayonları
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz və ətraf rayonlarda orta aylıq temperaturun 3–7 dərəcə isti olacağı bildirilir. Gecələr 0–5 dərəcə isti, bəzi günlərdə şaxta, gündüzlər isə 7–12 dərəcə isti gözlənilir. Yağıntı 15–36 mm təşkil edəcək.
Balakən, Zaqatala, Şəki, Quba, Qusar və digər şimal rayonlarında orta aylıq temperaturun 2–6 dərəcə isti olacağı, dağlıq ərazilərdə isə gecələr güclü şaxtaların müşahidə ediləcəyi qeyd olunur. Aylıq yağıntı 24–55 mm civarında olacaq.
Aran və cənub bölgələri
Yevlax, Mingəçevir, Sabirabad, Salyan və ətraf rayonlarda orta aylıq temperaturun 5–8 dərəcə isti olacağı gözlənilir. Gecələr 1–6 dərəcə isti, bəzi günlərdə şaxta, gündüzlər isə 8–13 dərəcə isti proqnozlaşdırılır. Yağıntı norması 21–35 mm olacaq.
Lənkəran, Masallı, Lerik, Astara və Cəlilabad rayonlarında orta aylıq temperaturun 4–8 dərəcə isti olacağı, dağlıq ərazilərdə isə şaxtalı günlərin mümkünlüyü bildirilib. Bu bölgələrdə aylıq yağıntının 44–105 mm arasında olacağı gözlənilir.