Avropa İttifaqının (Aİ) ombudsmanı Tereza Anjinyo Avropa Komissiyasının sədri Ursula fon der Lyayen barədə rəsmi araşdırmaya başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı “Berliner Zeitung” nəşri yayıb.
Məlumata görə, istintaqa səbəb kimi Ursula fon der Lyayenin Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa ölkələrinin liderləri ilə qapalı mesajlaşma platforması vasitəsilə apardığı yazışmalar göstərilir.
Bildirilib ki, söhbət Almaniya kansleri, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corca Meloni və Böyük Britaniyanın baş naziri Kir Starmerin də daxil olduğu qapalı qrupdan gedir. Məlumata əsasən, bu yazışmaların mövcudluğu barədə ilk məlumatlar yanvar ayında mediada yayılıb.
Qeyd olunub ki, Niderlandın “Follow the Money” təşkilatı həmin yazışmaların ictimaiyyətə açıqlanması üçün Avropa Komissiyasına rəsmi sorğu ünvanlayıb, lakin müraciət rədd edilib. Komissiya bu qərarı yazışmaların açıqlanmasının Avropa İttifaqının üçüncü ölkələrlə diplomatik münasibətlərinə zərər verə biləcəyi ilə əsaslandırıb.
Bildirilib ki, ombudsman Tereza Anjinyo açıqlamasında Avropa Komissiyasının ictimai sənədlərə çıxışla bağlı qanunvericiliyə uyğun şəkildə sorğunun necə idarə olunduğunu araşdıracağını bildirib.
Qeyd olunub ki, bu məsələ Avropa Komissiyası ətrafında son dövrlərdə gündəmə gələn mübahisəli hallardan biri kimi qiymətləndirilir.