Ermənistan ilə Azərbaycan arasında anklav və eksklav ərazilərinin mübadiləsi ilə bağlı hər hansı rəsmi razılaşma yoxdur.Ermənistanın Baş nazirinin müavini, Delimitasiya və Sərhəd Təhlükəsizliyi üzrə Dövlət Komissiyasının həmsədri Mher Qriqoryan İrəvanda keçirilən BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası (COP17) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, M.Qriqoryan Ermənistanın Baş naziri Nikol Paşinyanın anklavların dəyişdirilməsinə dair müxtəlif variantların müzakirə olunduğu barədə bəyanatlarına toxunaraq, tərəflər arasında hazırda yekun razılaşmanın olmadığını vurğulayıb.
İrəvanın anklavlar məsələsi ilə bağlı Bakıya təqdim etdiyi təkliflərin detallarına dair sualı cavablandıran Baş nazir müavini danışıqlar prosesinin məxfiliyini əsas gətirərək təfərrüatları açıqlamaqdan imtina edib:
“Sərhədlərin delimitasiyası prosesində prosedurlar və hüquqi çərçivə artıq dəqiq müəyyənləşdirilib və reqlamentlə qaydaya salınıb. Biz tərəflər arasında təsdiq olunmuş işçi qaydalar çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik”, – deyə M.Qriqoryan bildirib.
O, mübadilə məsələsinin mümkünlüyü ilə bağlı əlavə izahatların Baş nazir Nikol Paşinyan tərəfindən artıq mətbuat konfransında səsləndirildiyini diqqətə çatdırıb.
Xatırladaq ki, Ermənistanın Baş naziri bundan əvvəl verdiyi bəyanatda sərhədyanı zonada dayanıqlı təhlükəsizliyin təmin edilməsi üçün gələcəkdə anklav və eksklav statuslu ərazilərin qalmamalı olduğunu, Ermənistan və Azərbaycanın müvafiq torpaq sahalərini dəqiq xəritələr və ölçülər əsasında qarşılıqlı mübadilə etməsinin mümkünlüyünü vurğulamışdı. Paşinyan ərazi mübadiləsinin mürəkkəb hüquqi və konstitusion prosedurlar, habelə hərtərəfli təhlil tələb etdiyini və bu variantın uzun müddətdir gündəlikdə dayandığını bildirmişdi.