Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb. Görüşdə Azərbaycanla münasibətlərin normallaşması prosesi, BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasının (COP17) keçirilməsi və regional infrastrukturların açılması məsələləri müzakirə olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, N.Paşinyan Antonio Quterreşin COP17 çərçivəsində Liderlər Sammitində iştirak etmək üçün Ermənistana səfər etdiyini və onun ölkəyə gələn ikinci BMT Baş katibi olduğunu diqqətə çatdırıb.
Görüş zamanı Cənubi Qafqazdakı geostrateji vəziyyətə toxunan Paşinyan son illərdə yaşanan mürəkkəb proseslərdən sonra regionda sabitliyə doğru addımların atıldığını bildirib. Baş nazir Ermənistanın əsas məqsədinin sülh prosesini yekunlaşdırmaq olduğunu vurğulayıb:
“Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını və ratifikasiyasını nəzərdə tuturam. Bu, bizim əsas məqsədimizdir və ona nail olmaq üçün səylərimizi maksimum cəmləşdirməliyik”, – deyə o əlavə edib.
N.Paşinyan COP17 konfransını Ermənistanda təşkil olunmuş ən iri beynəlxalq tədbir adlandıraraq onun yüksək səviyyədə keçiriləcəyini bəyan edib.
BMT-nin Baş katibi Antonio Quterreş isə təşkilatçılıq işlərini yüksək qiymətləndirərək, Ermənistanın müxtəlif fərqli mövqeləri uzlaşdırmaq və ortaq razılaşmalar əldə etmək sahəsində diplomatik səylərini qeyd edib. Baş katib iqlim və bioloji müxtəliflik üzrə beynəlxalq təşəbbüslərin önəmini vurğulamaqla yanaşı, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün bərqərar olunmasının vacibliyini diqqətə çatdırıb və Paşinyanın bu istiqamətdəki fəaliyyətini qeyd edib.
Görüşdə regiondakı nəqliyyat-logistika layihələri, o cümlədən Ermənistanın Sünik (Zəngəzur) ərazisindən keçən TRIPP layihəsinin icrası perspektivləri də nəzərdən keçirilib. Tərəflər sözügedən layihənin Cənubi Qafqazda blokadanın aradan qaldırılması və regional kommunikasiyaların açılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.