Ermənistan Azərbaycanla ekologiya sahəsində əməkdaşlıq üçün geniş imkanlar və potensial görür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baş nazir Nikol Paşinyan bu barədə İrəvanda COP17 çərçivəsində keçirilən müzakirələr zamanı danışıb.
Paşinyanın sözlərinə görə, Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra bu sahədə qarşılıqlı fəaliyyətə əlavə təkan verilə bilər. O bildirib ki, təbii ehtiyatlar, o cümlədən çaylar, ətraf mühitin və biomüxtəlifliyin qorunması region ölkələrini birləşdirir.
“Ətraf mühit və biomüxtəliflik ölkələri birləşdirir, ortaq maraqlar üçün zəmin yaradır. Bu sahədə əməkdaşlıq üçün geniş imkanlar və potensial var”, – Paşinyan deyib.
Ermənistanın baş naziri yaxın vaxtlarda tərəflərin bu məsələlərə daha çox diqqət ayıracağına əminliyini ifadə edib.
Türkiyə ilə münasibətlərə toxunan Paşinyan İrəvanla Ankara arasında diplomatik əlaqələr olmasa da, bu məsələdə tarixi dəyişikliklərə ümid etdiyini bildirib. Onun fikrincə, Ermənistan və Türkiyə arasında, o cümlədən su ehtiyatları sahəsində transsərhəd əməkdaşlıq imkanları var.
Paşinyan sərhəddə hələ sovet dövründə tikilmiş su anbarının yerləşdiyini və bu sahədə tərəflərin artıq qarşılıqlı fəaliyyət təcrübəsinin olduğunu xatırladıb.
İrəvanda COP17 çərçivəsində sammit oktyabrın 16-da keçirilib. BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasının (CBD COP17) 2026-cı il oktyabrın 19-dan 30-dək İrəvanda keçirilməsi planlaşdırılır. Hazırlıq tədbirləri və “Yaşıl zona” isə oktyabrın 18-də başlayacaq.