Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi mətbuat konfransında Azərbaycan ərazisində törətdikləri ağır cinayətlərə görə həbs edilmiş və hazırda Bakıda saxlama şəraitində olan erməni əsilli şəxslərə ünvanlanmış 1 254 məktubun Ermənistan Hökumətinə təhvil verilməsi məsələsinə münasibət bildirib. N.Paşinyan bu addımı siyasi şou adlandıraraq, məktubların hökumətə deyil, beynəlxalq poçt xidməti vasitəsilə ünvanına göndərilməli olduğunu vurğulayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, oktyabrın 1-də ləğv olunmuş qanunsuz rejim və separatçı strukturların keçmiş nümayəndələrindən olan Artak Beqlaryan müxtəlif ölkələrdən toplandığı iddia edilən məktubları Ermənistan Hökumət Apparatına təqdim edib. Kampaniyanın hazırda Bakıda məhkəməsi davam edən separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabendin təşəbbüsü ilə təşkil olunduğu bildirilir.
Təşəbbüsə sərt reaksiya verən Paşinyan aksiya təşkilatçılarının məqsədini sual altına alıb:
“Hökumətin bu barədə hansı qərarı qəbul etdiyini tam bilmirəm, amma açığı, bu yanaşma çox qəribədir. Əgər ortada yazılmış məktublar varsa, onlar niyə beynəlxalq poçt vasitəsilə göndərilmir? Bunun üçün beynəlxalq poçt xidmətləri fəaliyyət gösterir. Hökumət burada nə üçün vasitəçi rolunu oynamalıdır? Minlərlə məktubu gətirib hökumətə təhvil vermək və ‘bunları çatdırın’ demək nə dərəcədə məntiqlidir?”, – deyə Paşinyan vurğulayıb.
Ermənistan hökumətinin rəhbəri əlavə edib ki, bu cür aksiyalar mövcud hüquqi-siyasi problemləri həll etməkdən daha çox, İrəvanda daxili siyasi gərginlik və şou yaratmaq məqsədi daşıyır. Paşinyan hakimiyyətin bu cür həssas məsələlərdə ehtiyatlı davrandığını və rəsmi Bakı ilə aparılan mürəkkəb danışıqlar prosesinə zərər vurmamağa çalışdığını diqqətə çatdırıb.