Azərbaycan futzal millisinin kapitanı Emin Kürdov DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oyunda qazanılan xalı yüksək qiymətləndirib. Lənkəran Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Kürdov bildirib ki, komanda səfərdə minimal hesabla uduzduğu üçün oyunun gərgin keçəcəyini gözləyib. Onun sözlərinə görə, millinin bölgədə ilk rəsmi oyununun keçirilməsi tarixi an olub. Kapitan Çexiyanı Avropa çempionatının iştirakçısı olan güclü komanda kimi xarakterizə edib və Azərbaycanın çətin qrupa düşdüyünü vurğulayıb.
“Matça yaxşı başladıq və birinci hissədə öndə idik. Sonradan geriyə düşsək də, hesabı bərabərləşdirdik. Komandada yeni nəsil formalaşır. Belə görüşlərdə qazanılan hər xal qızıla bərabərdir. Uşaqlar sonadək döyüşdülər, mən də təcrübəmlə komandama kömək etməyə çalışdım. Əziyyətlə 1 xalı əldə etdik”, – Kürdov deyib.
Kapitan növbəti rəqib Latviya ilə görüşə hazırlaşdıqlarını bildirib. Onun qeyd etdiyi kimi, Latviya son matçında Çexiya ilə 3:3 hesablı heç-heçə edib. Kürdov bu komandanı da güclü və Avropa çempionatında özünü yaxşı tərəfdən göstərən kollektiv adlandırıb. Azərbaycanın məqsədi Bakıda qalib gələrək qrupdakı mövqeyini yaxşılaşdırmaqdır.
Kürdov Lənkəran azarkeşlərinə də təşəkkür edib. O, azarkeşlərin komandaya böyük dəstək göstərdiyini və bölgə sakinlərinin futbolu sevdiyini bildirib.
Azərbaycan millisi növbəti matçını noyabrın 8-də Bakıda Latviya yığmasına qarşı keçirəcək.