Filippinin Anceles şəhərində doqquzmərtəbəli binanın çökməsi ilə bağlı aparılan xilasetmə işləri nəticəsində ölənlərin sayı 17-yə yüksəlib. "ABS-CBN News" telekanalının yaydığı məlumata görə, hazırda daha üç nəfər itkin düşmüş hesab olunur.
Hadisə mayın 24-nə keçən gecə baş verib. Şəhər administrasiyasının mətbuat katibi Cey Pelayo bildirib ki, uçqun zamanı onlarla tikinti işçisi dağıntılar altında qalıb. Xilasetmə əməliyyatlarının ilk saatlarında 26 nəfər sağ çıxarılıb. Qeyd olunub ki, dağıntılar altında qalanlar arasında yaxınlıqdakı oteldə qalan Malayziya vətəndaşı olan turist də olub; o, aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib.
Hazırda yerli hakimiyyət orqanları tərəfindən ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir və faciənin başvermə səbəbləri araşdırılır.