ABŞ-nin Alyaska ştatında faciəvi aviasiya hadisəsi baş verib. Hərbi radar bazasına doğru hərəkət edən çarter təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 8 nəfərin hamısı həyatını itirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, hadisə ştatın qərb hissəsində yerləşən Keyp-Nüvenhem (Cape Newenham) bölgəsində qeydə alınıb.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, “Cessna 441” tipli təyyarə Ted Stivens Ankoric Beynəlxalq Hava Limanından havaya qalxaraq Keyp-Nüvenhem istiqamətində hərəkət edib.
Hava gəmisi Keyp-Nüvenhem Uzun Mənzilli Radar Stansiyasının ərazisində yerə çırpılıb.
Ankoricdən təxminən 725 kilometr qərb-cənub-qərbdə baş verən qəza nəticəsində sağ qalan olmayıb.
Alyaska Komandanlığının məlumatına görə, təyyarə mülki şirkət tərəfindən müqavilə əsasında idarə olunurdu. Həlak olan şəxslərin kimliklərinin ailələrinə məlumat verildikdən 24 saat sonra ictimaiyyətə açıqlanacağı bildirilib.
Hazırda qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə FAA və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən birgə araşdırma aparılır. İstintaqa NTSB rəhbərlik edəcək.