“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə komandasının Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə qolsuz heç-heçəsindən sonra hücumların tamamlanmasında yaranan çətinliklərdən danışıb.
O, matçın çətin keçdiyini və stadiondakı atmosferi xüsusi qeyd edib. Mustafazadənin sözlərinə görə, “Qarabağ” topa sahib olanda rəqiblər daha çox müdafiəyə çəkilir və bu, hücumun son mərhələsində boşluqları azaldır.
“Qol epizodlarını tamamlamaq üzərində çalışırıq, amma bu dəfə də alınmadı. Hər şeyin fərqindəyik və mənfi seriyaya son qoymaq üçün əlimizdən gələni edəcəyik”, – deyə müdafiəçi bildirib.
Mustafazadə qarşıdakı “Sumqayıt” görüşünə qələbə məqsədilə çıxacaqlarını söyləyib. O, yenidən meydana qayıtmağın xoş hiss olduğunu vurğulayaraq, doqquz aydan çox oynamadığını və komandanın qarşısında hələ uzun yol olduğunu qeyd edib.