Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen krallığın keçilməz "qırmızı xətləri" olduğunu bəyan edərək Vaşinqtona ciddi xəbərdarlıq edib.
"Operativ Məlumat Mərkəzi-OMM" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, diplomat beynəlxalq hüquqa inanan bütün tərəfləri Donald Trampa bu yolun yanlış olduğunu göstərməyə çağırıb.
Nazir vurğulayıb ki, ABŞ-nin rüsum təhdidlərinə təkcə Danimarka deyil, bütün Avropa vahid mövqedən cavab verəcək.

Rasmussenin sözlərinə görə, ötən həftə Danimarka, Qrenlandiya və ABŞ məsələni sosial şəbəkələrdən danışıqlar masasına keçirmək barədə razılığa gəlsələr də, Ağ Ev rəhbərinin son bəyanatları bu prosesə ciddi zərbə vurub.
Diplomat qeyd edib ki, hazırkı məqamda Avropa İttifaqı və müttəfiqlərinin ərazi bütövlüyü və suverenlik prinsiplərini qoruması olduqca vacibdir. O bildirib ki, Trampın öz baxışı ola bilər, lakin o, Kopenhagenə təzyiq göstərməklə heç vaxt istədiyinə nail ola bilməyəcək.
Xatırladaq ki, yanvarın 17-də ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar bir sıra Avropa ölkələrinə qarşı gömrük rüsumlarının tətbiq edildiyini açıqlayıb.