Danimarkada süni intellekt alətlərindən istifadə etməklə köçürmənin qarşısını almaq məqsədilə şagirdlər üçün yazılı işlərin şifahi müdafiəsi məcburi olacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hökumət 16-19 yaşlı şagirdləri əhatə edən yeni tədbirlər paketini qüvvəyə mindirib.
Tədbirlər çərçivəsində yazılı imtahanlar zamanı kompüter ekranlarının izlənilməsi də nəzərdə tutulur.
Yay tətilindən sonra yeni tədris ilinin başlanması ilə elan olunan qərarlar təhsil naziri Magnus Heunickenin təcili müdaxilə çağırışından dərhal sonra tətbiq edilməyə başlayıb.
Nazir bildirib ki, məktəblərdə süni intellekt vasitəsilə köçürmə ciddi problemə çevrilib.
"Məktəblərdə süni intellektlə köçürmə problemi var. Artıq hərəkətə keçməyin vaxtıdır", - Heunicke vurğulayıb.
Danimarka Təhsil Nazirliyi qeyd edib ki, süni intellekt texnologiyalarının sürətlə yayılması tədris və qiymətləndirmə prosesində getdikcə daha böyük çətinlik yaradır. Yeni qaydalarla şagirdlərin hansı hallarda süni intellektdən istifadə edə biləcəyi və hansı hallarda bunun qadağan olunduğu daha dəqiq müəyyən ediləcək.
Bundan əlavə, hökumət bütün təhsil müəssisələrində süni intellektdən istifadəni tənzimləyəcək genişmiqyaslı milli strategiya hazırlayır.
Magnus Heunicke bildirib ki, süni intellekt şagirdlərin bilik və bacarıqlarını, peşəkar inkişafını və müstəqil düşünmə qabiliyyətini zəiflətməməlidir. Bu məqsədlə məktəb rəhbərləri, müəllimlər və şagirdlərlə müzakirələr aparılacaq.
Yeni tədbirlərin ilk mərhələsində ev şəraitində hazırlanan böyük yazılı işlərin şifahi müdafiəsi məcburi olacaq. Hər il təxminən 9 min şagird hazırladığı işi müəllimlər qarşısında şifahi şəkildə təqdim edib müdafiə etməli olacaq. Nazirlik bu sistemin necə tətbiq olunacağı ilə bağlı məktəblərlə əməkdaşlıq edəcəyini açıqlayıb.
Bundan başqa, məktəblərdə yazılı imtahanlar zamanı kompüter istifadəsinə nəzarət üçün monitorinq proqramlarının tətbiqi məcburi olacaq. Məktəblərin şəbəkələrində imtahan və dərs vaxtı əlçatan məzmunu məhdudlaşdırmaq məqsədilə təhlükəsizlik divarları (firewall) quraşdırılacaq.
Üçüncü tədbir isə şagirdlərin yazılı tapşırıqları məktəbdə, nəzarət olunan şəraitdə hazırlamasının təşviq edilməsidir. Məqsəd işin hazırlanma prosesini izləmək, müəllim rəyini vaxtında təqdim etmək və qiymətləndirməni daha obyektiv aparmaqdır.
Süni intellekt alətlərinin sürətlə yayılması bütün dünyada təhsil sistemini dəyişdirir və hökumətləri bu texnologiyaların istifadəsinə dair yeni qaydalar hazırlamağa sövq edir.