Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” Ukrayna Premyer Liqasında növbəti oyununu məğlubiyyətlə başa vurub. Çernovtsı təmsilçisi çempionatın doqquzuncu turunda səfərdə “Kudrivka” ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub.
Meydan sahibləri hesabı üçüncü dəqiqədə Dmitri Svityuxanın qolu ilə açıblar. Artur Dumanyuk 16-cı dəqiqədə fərqi iki topa yüksəldib. İkinci hissənin əvvəlində, 50-ci dəqiqədə İvan Petryak “Kudrivka”nın üçüncü qolunu vurub.
“Bukovina”nın yeganə qoluna 57-ci dəqiqədə Vladimir Daxnovski penaltidən imza atıb. Görüşdə son qolu isə 79-cu dəqiqədə Raymond Ovusu vuraraq yekun hesabı müəyyənləşdirib.
Renat Dadaşov bu oyunun iştirak ərizəsində yer almayıb. Azərbaycan millisinin hücumçusu nə “Bukovina”nın əsas heyətinə, nə də ehtiyat oyunçular siyahısına daxil edilib.
“Bukovina” növbəti matçını oktyabrın 25-də “Krivbass”a qarşı keçirəcək.