ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyat qəfil baş verməyib və ötən ilin avqust ayından etibarən Vaşinqton Maduroya qarşı əməliyyatın bütün konturlarını işləyib hazırlayıb. Əməliyyat tamamilə müqavimətsiz keçməyib. Kubada iki günlük matəm elan olunub və Maduronu müdafiə edənlərin əksəriyyəti kubalılar olub. Son məlumata görə, Maduronun qaçırılması zamanı 40-dan çox mühafizəçi və mülki şəxs həlak olub.
Bunu Milli Məclisin deputatı Elman Nəsirov ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyat, Yaxın Şərqdə və Latın Amerikasında baş verən proseslər, eləcə də beynəlxalq münasibətlərdə güc amilinin artması ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında bildirib.
Elman Nəsirov vurğulayıb ki, Maduronun həm prezident kimi fəaliyyəti, həm də xarici işlər naziri olduğu dövrlə bağlı çoxsaylı ağır ittihamlar gözləyir. Onun sözlərinə görə, Maduro narkotiklərin qeyri-qanuni dövriyyəsində, narkoterrorizmdə ittiham olunur və hətta xarici işlər naziri olarkən narkobaronlara diplomatik pasportlar verməkdə günahlandırılır.

Deputat qeyd edib ki, ABŞ Maduronu həm də Vaşinqtonun iqtisadi və geosiyasi maraqlarına ciddi təhdid yaratmaqda ittiham edir. O əlavə edib ki, bu hadisə beynəlxalq hüquq baxımından presedentdir, çünki əməliyyat nə BMT-nin razılığı ilə, nə də ABŞ Konqresi ilə razılaşdırılıb.
Donald Trampın Konqresdən icazə almamasını məxfi məlumatların sızma ehtimalı ilə əsaslandırdığını xatırladan Elman Nəsirov bunu Trampın siyasi qələbəsi kimi dəyərləndirib:
“ABŞ eyni zamanda Kuba, Qrenlandiya və Meksikaya qarşı da təhdid mövqeləri sərgiləyib. Tramp Kubaya qarşı güc tətbiqinə ehtiyac qalmayacağını, Venesueladan gələn dəstək kəsildiyi halda Kuba rejiminin öz-özünə dağılacağını bildirib. Meksikaya qarşı isə sərt tədbirlərin tərəfdarı kimi çıxış edib”.
Elman Nəsirov vurğulayıb ki, Tramp administrasiyası “Monro doktrinası”nı yenidən gündəmə gətirir. 1823-cü ildə irəli sürülmüş bu doktrinaya əsasən, Qərb yarımkürəsi yalnız ABŞ-nin təsir dairəsi hesab olunur və Avropa dövlətlərinin bu regiona müdaxiləsi yolverilməz sayılır. O, hesab edir ki, Venesuela hadisələri bu doktrinanın yeni formatda tətbiqi kimi qiymətləndirilə bilər.
Deputat diqqətə çatdırıb ki, ABŞ Venesuelaya qarşı əməliyyat zamanı NATO və Avropa İttifaqı üzrə müttəfiqləri ilə məsləhətləşməyib. Avropa dolayısı ilə ABŞ-ni müdafiə edib və Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Kaya Kallas Maduro rejimini qeyri-legitim adlandırıb.
Elman Nəsirov İranla bağlı vəziyyətə də toxunub. O bildirib ki, ölkədə iqtisadi vəziyyət son dərəcə kritikdir, milli valyutanın kəskin ucuzlaşması və inflyasiyanın artması etirazlara səbəb olub, polis qüvvələri ilə ciddi toqquşmalar qeydə alınıb. Deputat İranın ali dini rəhbərliyi ilə bağlı yayılan “B planı” iddialarının rəsmi Tehran tərəfindən təkzib edildiyini, lakin Qərb mediasında bu məlumatların geniş tirajlandığını qeyd edib.
Müsahibimiz vurğulayıb ki, Azərbaycan hər zaman qonşu İranda sabitliyin tərəfdarı olub və bütün gərginliklərin dinc yolla həllini dəstəkləyir. O xatırladıb ki, Donald Tramp da bəyan edib ki, əgər İran hakimiyyəti öz xalqına qarşı güc tətbiq edərsə, ABŞ İran xalqının yanında olacaq.
Elman Nəsirov bildirib ki, Venesuelada hazırda keçid dövrü hakimiyyətinin kim olacağı açıq qalır. Hazırda vitse-prezident Delcy Rodrigez hakimiyyətdədir, lakin onun ABŞ ilə dil tapıb-tapmayacağı sual altındadır. O, istisna etməyib ki, ABŞ Venesuelanı müəyyən müddət idarə etmək üçün xüsusi idarəedici qrup yarada bilər.
Deputat yekun olaraq qeyd edib ki, Venesuela hadisələri təhlükəli presedentdir və onun dünyada təkrarlanmaması arzuolunandır. O, Prezident İlham Əliyevin yanvarın 5-də yerli mediaya müsahibəsində səsləndirdiyi fikirlərə istinad edərək bildirib ki, bu gün dünyada hüquq deyil, güc işləyir və güclü olan haqlı sayılır.
Afət ZİYADQIZI