Birləşmiş Millətlər Təşkilatının (BMT) yüksək vəzifəli rəsmisi Qəzza zolağında humanitar yardımların paylanması prosesinə maneələr yaradıldığını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, BMT rəsmisi bu vəziyyətə görə HƏMAS qruplaşmasını ittiham edib. Bildirilib ki, baş verən hadisələr onsuz da ağır şəraitdə yaşayan mülki əhalinin vəziyyətini daha da çətinləşdirir.
Məlumata görə, şənbə günü Qəzzanın şimalında yerləşən ərzaq paylama məntəqəsinə silahlı şəxslərin daxil olması və “Ümumdünya Ərzaq Proqramı”nın (WFP) iki sürücüsünə hücum etməsindən sonra yardım əməliyyatları müvəqqəti dayandırılıb.
BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatorunun müavini Ramiz Ələkbərov bildirib ki, bu hadisə humanitar fəaliyyətlərə qarşı zorakılıq və təzyiqlərin davam edən hissəsidir.
Ələkbərov qeyd edib ki, bu cür müdaxilələr humanitar əməkdaşların təhlükəsizliyini risk altına salır və həyati əhəmiyyət daşıyan yardımların çatdırılmasına mane olur.
HƏMAS isə ittihamları rədd edib. Qruplaşmanın media ofisi bildirib ki, WFP mərkəzində baş verən hadisə humanitar fəaliyyətə maneə deyil, yardım bağlamalarında qaçaqmalçılıq yolu ilə gətirildiyi iddia edilən məhsullarla bağlı təhlükəsizlik tədbiri olub.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də başlayan müharibə nəticəsində Qəzza zolağında genişmiqyaslı dağıntılar baş verib. Hazırda atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlar davam etsə də, humanitar təşkilatlar bölgədə böhranın dərinləşdiyini bildirirlər.