Belçika hüquq-mühafizə orqanları Avropa İttifaqının (Aİ) miqrasiya məsələləri üzrə sabiq komissarı Dimitris Avramopulos barəsində beynəlxalq axtarış və həbs qərarı çıxarıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “Euronews” telekanalına istinadən xəbər verir ki, bu addım geniş rezonans doğuran “Qatargate” korrupsiya işi ilə bağlı aparılan istintaq çərçivəsində atılıb.
Söhbət Qətərin maraqlarını təşviq etmək müqabilində Aİ rəsmilərinə rüşvət verilməsi iddialarından gedir.
İstintaq materiallarına əsasən, Avramopulos “Fight Impunity” (“Cəzasızlığa qarşı mübarizə”) adlı qeyri-kommersiya təşkilatının fəxri komitəsinin üzvü olub.
Həmin təşkilata işin digər fiqurantı, avrodeputat Antonio Pantseri rəhbərlik edib. Belçika hakimiyyəti bu qurumu “cinayətkar şəbəkə” kimi qiymətləndirsə də, sabiq komissar özünü müdafiə edir.
Dimitris Avramopulos Afina prokurorluğuna verdiyi izahatda bildirib ki, sözügedən təşkilatdan aldığı vəsaitləri gəlir bəyannaməsində qeyd edib.
O, günahsızlığını sübut etmək üçün öz toxunulmazlığının ləğvini tələb edib. Ekspertlərin rəyinə görə, verilən həbs qərarı əslində toxunulmazlığın rəsmi qaydada aradan qaldırılması və dindirilmə prosesinin təmin edilməsi üçün atılan formal hüquqi addım ola bilər.
Xatırladaq ki, 2025-ci ilin dekabrında Belçikada korrupsiya işi ilə bağlı silsilə axtarışlar keçirilib. Brüsseldəki Aİ diplomatik xidmətinin binasında, həmçinin Brügge şəhərindəki “Avropa Kolleci”ndə aparılan yoxlamalar zamanı bir sıra yüksək vəzifəli şəxslər şübhəli qismində saxlanılıb.
Onların arasında Aİ-nin sabiq diplomatiya rəhbəri Federika Mogerini, Avropa Komissiyasının keçmiş yüksək rütbəli məmuru Stefano Sannino və “Avropa Kolleci”nin direktorlarından biri Çezare Dzeqretti də var.