Ukrayna Silahlı Qüvvələri iyulun 22-nə keçən gecə Rusiyanın Krasnodar və Stavropol vilayətlərində yerləşən "Wildberries" logistika mərkəzlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Şirkətin baş direktoru Tatyana Kim bildirib ki, Krasnodar və Nevinnomıssk şəhərlərindəki logistika mərkəzləri hücuma məruz qalıb.:
"Hadisə nəticəsində xəsarət alanlar var və hər iki mərkəzin fəaliyyəti müvəqqəti dayandırılıb".
Stavropol diyarının qubernatoru Vladimir Vladimirovun sözlərinə görə, Nevinnomısskdəki anbar kompleksində baş verən yanğın nəticəsində 5 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağırdır. Krasnodardakı anbar kompleksində isə yerli hakimiyyətin məlumatına əsasən, 10 nəfər xəsarət alıb.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumları təsdiqləyərək bildirib ki, zərbələr Rusiya ordusunun komponentlər, naviqasiya cihazları və pilotsuz uçuş aparatları üçün avadanlıqla təminatında istifadə olunan logistika mərkəzlərini hədəf alıb.
Zelenski əlavə edib ki, Ukrayna qüvvələri daha bir neft bazasını, həmçinin Rusiyanın "kölgə donanması"na aid bir tanker və dörd quru yük gəmisini də vurub.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin sözlərinə görə, Armavir şəhərindəki neft anbarına hücum nəticəsində bir nəfər həlak olub.
Rusiya Müdafiə Nazirliyi isə açıqlayıb ki, ölkənin 16 bölgəsində Ukraynaya məxsus 242 pilotsuz uçuş aparatı məhv edilib.
Ukrayna tərəfi isə Rusiyanın ölkəyə bir ballistik raket, üç idarəolunan aviasiya raketi və 216 pilotsuz uçuş aparatı buraxdığını bildirib.
Məlumata görə, Odessa vilayətində bir nəfər ölüb, Kiyev vilayətində isə biri uşaq olmaqla 5 nəfər yaralanıb.