Belçikanın Baş naziri Bart De Vever bu gün səhər saatlarında Kral Filipə hökumətin istefası barədə ərizəni təqdim etmək üçün Kral Sarayına gəlib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu qərar gecəboyu davam edən büdcə danışıqlarının nəticəsiz başa çatmasından sonra qəbul edilib.
Təxminən bir saat yarım davam edən görüşdən sonra De Vever jurnalistlərə açıqlama vermədən sarayı tərk edib. Görüşdən sonra Kral Sarayından bildirilib ki, Kral Filip hökumətin istefası ilə bağlı qərarı nəzərdən keçirir və noyabrın 3-də koalisiya partiyalarının liderləri ilə məsləhətləşmələrə başlayacaq.
Kral əldə olunan razılaşmanın olmamasından təəssüfləndiyini bildirib və ölkənin uzunmüddətli siyasi böhrana yol verə bilməyəcəyini vurğulayıb. O, bütün tərəfləri ümumi maraqları və kompromisə hazır olmağı əsas götürməyə çağırıb.
Bart De Veverin noyabrın 7-də yenidən kralla görüşəcəyi gözlənilir.
Belçikanın xarici işlər naziri Maksim Prevo danışıqların uğursuzluğunu tərəflər arasında çoxsaylı fikir ayrılıqları ilə izah edib.
"Bütün mübahisəli məsələləri sadalamağa çalışsam, bu, sonsuzadək davam edər", - o, Belçika mediasına açıqlamasında bildirib.
Qeyd edək ki, Belçika hökuməti Avropa İttifaqının müəyyən etdiyi xərc limitlərinə uyğunlaşmaq üçün 10 milyard avroya qənaət etməlidir. Ötən il ölkənin büdcə kəsiri ÜDM-in 5 faizini təşkil edib. Halbuki Avropa qaydalarına əsasən, bu göstərici 3 faizdən çox olmamalıdır. Belçikanın dövlət borcu isə 735 milyard avronu ötərək ÜDM-in 110 faizindən yuxarı səviyyəyə çatıb. Avropa İttifaqının müəyyən etdiyi hədd isə 60 faizdir. Danışıqların uğursuzluğundan sonra Belçikanın dövlət istiqrazları üzrə faiz dərəcələri də yüksəlib. Bu isə ölkənin borclanma xərclərinin artmasına səbəb olub.
Kral Filip Bart De Vever hökumətinin istefasını qəbul edəcəyi təqdirdə, Belçikada növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmə gələcək.