İranın yüksəksəviyyəli adı açıqlanmayan rəsmilərindən biri Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə şəhərindəki neft obyektlərinə hücum edildiyi iddialarını rədd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“İranın sözügedən neft obyektlərinə qarşı əvvəlcədən planlaşdırılmış hücum cəhdi olmayıb. Baş verənlər, Amerika ordusunun Hörmüz boğazının qadağan olunmuş marşrutlarından qanunsuz gəmi keçidi üçün yol açmaq kimi macərapərəst fəaliyyətinin nəticəsidir. Bunun məsuliyyəti Amerika ordusunun üzərinə düşür”, - o qeyd edib.
ABŞ-li rəsmilərin diplomatiyada güc tətbiq etmək kimi çirkin davranışlardan əl çəkməli olduğunu bildirən İranlı rəsmi əlavə edib:
“ABŞ dünya üzrə bütün ölkələrin iqtisadiyyatına təsir edən bu həssas neft bölgəsində hərbi macərapərəstliyini dayandırmalıdır".
Bundan əvvəl İranın BƏƏ və Umman ərazilərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyi iddia olunmuşdu.
BƏƏ isə Fuceyrədə neft sənayesi bölgəsində yanğın baş verdiyini və hücum nəticəsində 3 nəfərin yaralandığını açıqlamışdı.