“Bakı metrosunda baş verən texniki insident nəticəsində hər hansı insan itkisi olmayıb”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün metroda baş verən nasazlıqla bağlı jurnalistlərə açıqlamasında bildirib.
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
“Sərnişinlərimizin sağlamlığı və təhlükəsizliyi Bakı Metropoliteni üçün prioritet vəzifə olduğu üçün Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq dərhal müvafiq tədbirlər görülüb”, - deyə B.Məmmədov əlavə edib.
Onun sözlərinə görə, ilk növbədə bütün stansiyalarda istisnasız olaraq sərnişin axınının və sərnişin hərəkətinin tənzimlənməsi ilə bağlı müvafiq təlimatlar verilib, sərnişinlərimizin rahatlığı üçün onların müraciətlərinə diqqət edilməsinə xüsusi önəm verilib: “Bundan əlavə olaraq, dərhal texniki araşdırmalara başlanılıb. İlkin verdiyim məlumat budur, amma bütün məsələlər texniki müstəvidə xüsusi qaydada araşdırılacaq, bütün versiyalar təhlil ediləcək. Bakı Metropoliteni üçün həmişə olduğu kimi, bu gün də texniki məsələlərin tam şəffaf və açıq şəkildə ictimaiyyətə bildirilməsi prioritet vəzifə olaraq qalacaq”.
Bəxtiyar Məmmədov qeyd edib ki, Bakı metrosunda bugünkü hadisə baş verən anda xətlərdə 30 qatar olub, onlardan cəmi 4-ü tuneldə olub və sərnişinlərin təxliyəsi Metropoliteninin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib.
O bildirib ki, hər hansı sərnişin şikayəti, hər hansı sərnişinin özünü pis hiss etməsi ilə bağlı müraciət daxil olmayıb: “Bununla belə, Bakı Metropoliteni bununla əlaqədar preventiv tədbirlər görüb. Hadisənin araşdırılması yaxın günlərdə tam və müfəssəl şəkildə təmin olunacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
B.Məmmədov əlavə edib ki, Metropolitenin xətlərinə gərginliyin bərpa olunması saat 14:00 radələrində təmin olunub, daha sonra saat 15:00-a qədər Bakı Metropoliteni xətlərində qatarların hərəkətinin tənzimlənməsi və yoxlanılması tədbirləri həyata keçirilib və saat 15:30-dan etibarən sərnişin qəbulu başlanıb: “Hazırda Bakı Metropoliteni normal qrafik üzrə hərəkət cədvəlinə uyğun fəaliyyətini davam etdirir, bütün stansiyalar istisnasız olaraq sərnişinlərə xidmət göstərir.
Ümumiyyətlə, bu hadisə ilə bağlı Bakı Metropoliteninin araşdırmasının tam şəffaf şəkildə aparılacağını bir daha qeyd edirəm. Bu hadisənin təkrarlanmaması üçün xüsusi diqqət yetiriləcək və artıq bununla bağlı ilkin tədbirlər üzrə tapşırıqlar verilib”.