Dünya bazarında kəskin bahalaşma müşahidə edilən "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti sürətlə artaraq 105,58 ABŞ dollarına çatıb. Bu, 1 barel üçün 10,63 % (10,15 ABŞ dolları) artım deməkdir.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 100,66 ABŞ dolları təşkil edib. Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir bareli 11,19 % (10,23 ABŞ dolları) artaraq 101,63 ABŞ dollarına yüksəlib. Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.