“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 11-ci turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib, şəhidlərə rəhmət, qazilərə isə sağlamlıq arzulayıb.
Məmmədov bildirib ki, komandası çempionatın lideri və əzəli rəqibi ilə görüşdə xal qazanmaq istəyirdi: “Futbolçular çalışdılar. Məğlub olmaq üçün gəlməmişdik, xal və ya xallar götürmək istəyirdik. Təəssüf ki, uduzduq. Hər şeyə rəğmən futbolçulara təşəkkür edirəm. Millimizə uğurlar arzulayıram. Fasilədə daha çox çalışmalıyıq. Düşünürəm ki, bu futbolçular və “Kəpəz” çempionatımıza rəng qatmağa davam edəcək”.
Taktiki dəyişiklik və növbəti oyun
Baş məşqçi Benitonun fasilədə əvəzlənməsinin taktiki qərar olduğunu söyləyib. “Birinci hissəyə 4-2-3-1 sxemi ilə başlamışdıq. “Neftçi”nin cinahları daha fəal idi. İkinci hissədə sxemi dəyişib 4-5-1 sistemi ilə oynamaq qərarına gəldik”, – deyə o bildirib.
Məmmədov David Domqjoninin yoxluğunu itki adlandırıb, lakin onun mövqeyində çıxış edən Ürfan Abbasovun oyunundan razı qalıb. Baş məşqçinin sözlərinə görə, Abbasov bu mövqedə ilk dəfə oynamayıb və işinin öhdəsindən layiqincə gəlib.
“Qarabağ”la qarşılaşmanı üç xal qazanmaq imkanı kimi gördüyünü deyən Məmmədov oyunun çətin olacağını, amma komandasının doğma şəhərdə azarkeş dəstəyi ilə meydana çıxacağını bildirib: “Qarabağ”la oyuna da qələbə üçün çıxacağıq”.
Namik Ələskərov və akademiyalar
Məmmədov Namik Ələskərovun milliyə dəvətindən sevindiyini deyib. Onun sözlərinə görə, “Kəpəz”dən beş il idi ki, heç kim milliyə çağırılmırdı. Ələskərov “Zirə”dən Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”ə gəlib və Gəncədə çəkdiyi əziyyət, eləcə də komanda yoldaşlarının zəhməti bu dəvətlə nəticələnib. Məşqçi futbolçuya uğurlar arzulayıb.
Baş məşqçi gəncəli futbolçuların milliyə dəvət olunması üçün Qərb zonasında futbol akademiyalarının strategiya və strukturunda köklü dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.