Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteynlə keçirilən oyundan sonra nəticəyə görə məsuliyyəti üzərinə götürüb. Bakıda baş tutan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Abbasov mətbuat konfransında komandasının qələbə qazanmaq istədiyini, lakin fürsətlərdən yararlana və oyunun tempini yüksəldə bilmədiyini deyib. Onun sözlərinə görə, nəticə millinin vəziyyətini daha da çətinləşdirib.
“Günahkar axtarmayacağıq, məsuliyyət məndədir. Futbolçular çalışdılar, alınmadı”, – baş məşqçi bildirib.
Abbasov nəticədən narazı qalanların haqlı olduğunu vurğulayıb və komandanın rəqibi məğlub etməli olduğunu söyləyib. O, çıxış yolunun Litva ilə növbəti oyunda qələbə qazanmaqdan keçdiyini qeyd edib. Baş məşqçi müqaviləsinin qışadək olduğunu, rəhbərliyin verəcəyi qərarla razılaşacağını da bildirib.
Abbasov növbəti matça hazırlığın asan olmayacağını deyib. Komandada dəyişikliklərin olacağını və futbolçularla danışacağını açıqlayan mütəxəssis, əvvəlki oyundakı çıxışı tərifləməyəcəyini bildirib. O, millidə istəyin olduğunu da əlavə edib.