Avstraliyanın e-Təhlükəsizlik Komissiyası populyar onlayn oyun platformalarında uşaqların təhlükəsizliyi və kiberməkanın qorunması ilə bağlı genişhəcmli hesabat yayımlayıb. Komissar Culi İnman Qrant (Julie Inman Grant) bildirib ki, platformalardakı mövcud təhlükəsizlik boşluqları pisniyyətli şəxslərin uşaqlarla təmas quraraq onları cinsi istismara, şantaja və ya ekstremist ideologiyalara cəlb etməsinə şərait yaradır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hesabatda “Steam” və “Steam Chat” xidmətlərinin sahibi olan ABŞ-nin “Valve” şirkəti xüsusi tənqid olunub. Bildirilib ki, “Valve” məlum zərərli və zorakı məzmunu aşkarlayaraq silmək üçün sənayedə geniş tətbiq olunan avtomatlaşdırılmış texnologiyalardan istifadə etməyən yeganə böyük platformadır.
Hesabatda, həmçinin “Minecraft”, “Fortnite”, “Roblox” və “Steam” platformalarında yaşın dürüst təyin edilməsi mexanizmlərinin zəifliyi vurğulanıb. Əksər platformalarda istifadəçilərin yaşlarını sadə bəyanatla təsdiqləməsi yetkin şəxslərin yüksək riskli ünsiyyət funksiyalarına çıxış əldə etməsinə yol açır.
Qeyd edək ki, sözügedən araşdırma Avstraliya e-Təhlükəsizlik Komissiyasının 2025-ci ilin oktyabrından 2026-cı ilin martınadək topladığı məlumatlar əsasında hazırlanıb. Kanberra rəhbərliyi artıq 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər tətbiq etsə də, oyun platformalarındakı təhlükəsizlik standartlarının daha da sərtləşdirilməsini tələb edir.