Argentina hökuməti Böyük Britaniyadan mübahisəli Folklend adaları yaxınlığında neft quyularının qazılması layihəsini dayandırmağı tələb edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Argentina tərəfi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına rəsmi müraciət edərək, Argentina kontinental şelfində karbohidrogen ehtiyatlarının hasilatına yönəlmiş fəaliyyətin başlanmasının və ya davam etdirilməsinin qarşısını almaq üçün iki həftə ərzində zəruri tədbirlər görməyi tələb edib.
Qeyd olunub ki, Böyük Britaniya göstərilən müddət ərzində bu tələbi yerinə yetirməzsə, Argentina Respublikası kontinental şelf üzərində suveren hüquqlarını qorumaq üçün zəruri müvəqqəti tədbirlərin görülməsi məqsədilə Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalına müraciət edəcək.
Xatırladaq ki, sentyabrın ortalarında Argentina Prezidenti Xavyer Miley mübahisəli adalar yaxınlığında neft hasil edən şirkətlərə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Buna Britaniyanın "Rockhopper Exploration" və İsrailin "Navitas Petroleum" şirkətlərinin “Sea Lion” neft yatağının işlənməsinə başlaması səbəb olub.
Daha sonra Argentina hökuməti mübahisəli ərazidə karbohidrogen hasilatında iştirak edən 60 hüquqi və fiziki şəxsə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Folklend adaları iki böyük və təxminən 800 kiçik adadan ibarətdir. Ümumi ərazisi 12 min kvadratkilometrdən bir qədər çox, əhalisi isə təxminən 3 200 nəfərdir. Adalar 200 ilə yaxındır Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsinin predmetidir.
Məlumat üçün bildirək ki, 1982-ci ilin aprelində iki ölkə arasında silahlı münaqişə başlayıb. Təxminən iki ay yarım davam edən döyüşlərdə Argentina 649 hərbçisini itirib. Britaniya tərəfinin itkiləri isə 255 nəfər olub. 2013-cü ildə keçirilən referendumda adaların sakinləri böyük səs çoxluğu ilə Britaniyanın dənizaşırı ərazisi olaraq qalmağa səs veriblər. Səslərin 99,8 faizi bu qərarın lehinə olub, yalnız üç nəfər əleyhinə səs verib.