"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi xarakter aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün rayonlararası marşrutlar üzrə əlavə tədbirlər həyata keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" ADY-yə istinadən xəbər verir ki, turizm yönümlü marşrut olan Bakı–Qəbələ–Bakı istiqamətində iyunun 6-dan etibarən reyslərin sayı 2-dən 4-ə artırılaraq həm şənbə, həm də bazar günü hər iki istiqamətdə müntəzəm səfərlər həyata keçirilir. Bundan əlavə, iyulun 4-dən etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da dayanacaq veriləcək. Yeni dayanacaq bölgə sakinlərinin və sərnişinlərin dəmir yolu xidmətlərindən daha rahat istifadə etməsinə imkan yaradacaq.
31 avqust tarixinə qədər Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatar reysləri hər şənbə və bazar günləri təşkil olunacaq. Məqsəd yay mövsümündə qərb istiqamətində artan sərnişin tələbatının qarşılanmasıdır.
Yay mövsümündə tətbiq ediləcək yeniliklərdən biri də Bakı–Balakən–Bakı marşrutu üzrə hərəkət qrafikinin dəyişdirilməsidir. Belə ki, 1 iyul tarixindən etibarən qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.