ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatları ilə bağlı narahatlıqlar artarkən, Yaxın Şərqdə baş verən son hadisələr regionun geosiyasi baxımdan yenidən formalaşdığını göstərir.
“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, Suriya mərkəzli yenidənqurma prosesi İraq və İrana qədər uzanan daha geniş strateji çərçivənin tərkib hissəsidir.
Strateji təhlillərə əsasən, ABŞ-nin sahədəki hərbi iştirakını azaltmaq qərarı və eyni zamanda terror təşkilatı YPG/PKK ilə əməkdaşlıq modelinə son qoyması regiondakı balansları köklü şəkildə dəyişib.
Yeni konyunkturada Vaşinqtonun Suriyada sabitliyi prioritet hesab etdiyi və Türkiyə ilə İsrailin birbaşa qarşıdurmaya girməsini istəmədiyi vurğulanır.
Digər tərəfdən, İranın mümkün hava hücumlarına qarşı raket sistemlərini aktivləşdirdiyi bildirilir.
Analizlərdə YPG/PKK terror təşkilatının sahədə sıxışaraq sərhəd xəttinə doğru cəmləşməsinin yeni təhlükəsizlik riskləri yarada biləcəyi qeyd olunur. Suriyadakı yeni mənzərə Türkiyə üçün həm fürsətlər, həm də risklər vəd edir. Ən kritik məsələ isə terror təşkilatının struktur olaraq ləğv edilib-edilməyəcəyidir. Mütəxəssislər xəbərdarlıq edir ki, təşkilatın yalnız adını dəyişərək varlığını sürdürməsi uzunmüddətli perspektivdə Türkiyənin sərhəd təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər.
Vaşinqton mərkəzli təhlillərdə İranda rejim dəyişikliyi ehtimalının artıq nəzəri müzakirələrdən çıxaraq konkret təqvimlərlə nəzərdən keçirildiyi ifadə edilir. "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) və "Bəsic" qüvvələri üzərindəki iqtisadi və psixoloji təzyiqin artması daxili sabitliyi kövrəkləşdirir. Ekspertlərin fikrincə, Suriya, İraq və Türkiyə xəttində yaranacaq yeni balans İran üzərindəki təzyiqin artırılmasında həlledici rol oynayacaq.
Türkiyə ilə İraq arasındakı münasibətlərdə Dəclə və Fərat çaylarının suları məsələsi də mühüm yer tutur. Türkiyənin İraqın əlavə su tələblərini qarşılaması iki ölkə arasında yeni su diplomatiyasının müsbət nəticəsi kimi qiymətləndirilir. Eyni zamanda, Türkiyə və İraq arasındakı "İnkişaf Yolu" layihəsi regionda ticarət və logistika mərkəzlərinin yaradılması, istehsalın və məşğulluğun artırılması baxımından strateji əhəmiyyət kəsb edir.