ABŞ-nin Nyu-York ştatının Bruklin şəhərindəki federal məhkəmənin andlılar heyəti Çinin telekommunikasiya avadanlıqları istehsalçısı "Huawei" şirkətini kommersiya sirlərinin oğurlanması məqsədilə sui-qəsddə təqsirli bilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "BBC" məlumat yayıb.
Bildirilib ki, şirkət daha ağır ittiham - reketçilik məqsədilə sui-qəsd üzrə isə bəraət alıb.
Məhkəmə "Huawei"ni irəli sürülən 12 ittihamdan 10-u üzrə, o cümlədən bank dələduzluğu, ABŞ-nin sanksiyalarının pozulması və kommersiya sirlərinin oğurlanması məqsədilə sui-qəsddə təqsirli hesab edib.
İki ay davam edən məhkəmə prosesi zamanı ittiham tərəfi Çin texnologiya nəhənginin rəqabət üstünlüyü əldə etmək üçün aldatma və oğurluq üsullarından istifadə etdiyini iddia edib. Şirkət, xüsusilə, İranla bağlı fəaliyyətinə dair banklara yanlış məlumat verməkdə və ABŞ şirkətlərinin kommersiya sirlərini mənimsəməkdə ittiham olunub.
ABŞ federal prokurorları Huawei-yə qarşı ilk ittihamları 2019-cu ildə irəli sürüblər. Bu, şirkətin maliyyə direktoru Men Vançjounun 2018-ci ilin sonunda Kanadada həbs edilməsindən sonra baş verib.
ABŞ-nin baş prokuroru Todd Blanş bildirib ki, Huawei və onun üç törəmə şirkəti onilliklər ərzində ABŞ-da yalan və oğurluq üzərində qurulmuş fəaliyyət göstərib.
"Huawei"nin müdafiə tərəfi isə prokurorların şirkəti əvvəldən cinayətkar təşkilat kimi təqdim etdiyini və ittihamları bu yanaşma əsasında formalaşdırdığını bildirib.
Şirkətin bəyanatında reketçilik məqsədilə sui-qəsd ittihamı üzrə bəraət qərarının ittihamların faktiki əsasının olmadığını təsdiqlədiyi vurğulanıb. "Huawei" son səkkiz il ərzində bu mövqedə olduğunu bildirib.
Şirkətə hansı cəzanın veriləcəyi hələlik məlum deyil. ABŞ Dairə Məhkəməsinin hakimi Enn Donnelli cəza ilə bağlı qərarını 2027-ci il sentyabrın 14-də açıqlayacaq.