ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdi etmiş Tomas Metyu Kruksun şəxsi həyatı və silahlanma hazırlıqlarına dair yeni istintaq təfərrüatları məlum olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəsmi sənədlərinə və Senatın Məhkəmə Komitəsinə təqdim olunan hesabatlara istinadən xarici mətbuat məlumat yayıb.
Məlumata görə, federal sənədlərdə Kruksun pandemiya dövründən etibarən silahlara və uzunməsafəli nişanalmaya marağının kəskin artdığı xüsusi qeyd olunub. O, müntəzəm olaraq həftədə ən azı bir dəfə poliqona gedərək atış bacarıqlarını təkmilləşdirib və hətta hadisədən bir gün əvvəl də poliqonda məşq edib. Atası Metyu Kruks müstəntiqlərə bildirib ki, oğlu ilk vaxtlar zəif atıcı olsa da, zamanla prizmatik nişangahlar və xüsusi avadanlıqlar vasitəsilə mənzil məsafəsini tənzimləməyi peşəkarcasına öyrənib. Bundan əlavə, Kruksun "Bob Dole" saxta adından istifadə edərək internet üzərindən silah hissələri və sursat sifariş etdiyi, internet traffikini gizlətmək üçün VPN və şifrəli xidmətlərə müraciət etdiyi müəyyən edilib.
Bildirilib ki, 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Batler şəhərindəki mitinq zamanı AR-15 tipli tüfəngdən 8 dəfə atəş açan Kruks Məxfi Xidmətin snayperi tərəfindən dərhal zərərsizləşdirilib. Tədqiqatçılar onun cəsədinin sürətlə kremasiya olunması və ailə xarakteristikası ilə bağlı yeni faktları araşdırmağa davam etsələr də, hücumun dəqiq siyasi və ya şəxsi motivi hələ də tam müəyyən edilməyib.