ABŞ Prezidenti Donald Tramp ölkədə doğumla vətəndaşlıq hüququnu məhdudlaşdıran fərmanlar imzalayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Tramp prezidentliyinin ikinci müddətinin ilk günlərində Ağ Evin Oval Ofisində keçirilən mərasimdə miqrasiya siyasəti ilə bağlı bir sıra fərmanları imzalayıb.
Məlumata görə, imzalanan sənədlərdən biri "doğum turizmi" kimi tanınan təcrübənin qarşısının alınmasını nəzərdə tutur. Yeni qaydalara əsasən, övladlarının ABŞ vətəndaşlığı alması məqsədilə ölkəyə müvəqqəti vizalarla gələn şəxslərin bu hüquqdan istifadəsinə məhdudiyyətlərin tətbiqi planlaşdırılır.
Tramp çıxışı zamanı bildirib ki, doğumla vətəndaşlıq hüququ ilkin olaraq keçmişdə kölələrin övladlarının hüquqlarını qorumaq üçün nəzərdə tutulub, lakin hazırda bu mexanizmdən sui-istifadə edilir. Prezident mövcud sistemin məqsədindən kənara çıxdığını və bunun dəyişdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi bundan əvvəl doğumla vətəndaşlıq hüququnun Konstitusiyanın 14-cü düzəlişi ilə qorunduğunu təsdiqləyən qərar qəbul edib. Tramp isə həmin qərarı tənqid edərək, yeni fərmanların ölkəyə qeyri-qanuni yollarla daxil olan və ya müvəqqəti vizalarla yaşayan valideynlərin ABŞ-da doğulan övladlarının avtomatik vətəndaşlıq əldə etməsini məhdudlaşdırmağa yönəldiyini bildirib.