ABŞ və Filippin "Balikatan" adlı illik hərbi təlimlər çərçivəsində Çinə qarşı hərbi əməliyyatları sınaqdan keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, bu manevrlərdə ilk dəfə olaraq Yaponiyanın quru qoşunları, həmçinin Kanada, Yeni Zelandiya və Fransa da iştirak edir.
Təşkilatçıların sözlərinə görə, manevrlər hər hansı konkret bir ölkəyə qarşı yönəlməyib. Buna baxmayaraq, təlimlərdə istifadə olunan raketlər, pilotsuz uçuş aparatları və onlara qarşı mübarizə sistemləri, eləcə də strateji adalar Pekinlə baş verə biləcək istənilən münaqişədə həlledici rola malik olacaq.
Məqalə müəllifləri qeyd edirlər ki, Yaponiyanın iştirakı ilə keçirilən hava hücumundan müdafiə təlimləri Filippinin böyük Luson adasında baş tutub. Bu ərazi Tayvan uğrunda ehtimal olunan müharibə zamanı mühüm platsdarm ola bilər.
Rəsmi Pekin öz növbəsində bu hərbi tədbirləri "əsassız təxribat" adlandıraraq sərt şəkildə qınayıb. Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada xarici qüvvələrin müdaxiləsi nəticəsində yaranan parçalanma və qarşıdurmanın region üçün ən arzuolunmaz ssenari olduğu vurğulanıb.
Xatırladaq ki, aprelin 10-da Çin Xalq Respublikasının sədri Si Cinpin Tayvanın ən böyük müxalifət partiyası olan "Qomindan"ın rəhbəri Çjen Liven ilə tarixi görüş keçirib. Danışıqlar zamanı tərəflər Tayvan boğazının gələcəkdə potensial münaqişə ocağı olmaqdan çıxacağını xüsusi qeyd ediblər.